Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

 “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib


Newscenter.az.25.12.2018. Dekabrın 25–də Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans öz işinə başlayıb.

Newscenter.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi konfransda bu qurumların rəhbər şəxsləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər. Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi sahələrdən biri də xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətlənməsi, eyni zamanda, dini bayramların dövlət səviyyəsində qeyd olunması idi. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiq ölkəmizdə dövlət quruculuğu prosesləri və dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması istiqamətində mühüm addımların atıldığını deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışıb.

Qeyd olunub ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər keçirilir.
Xəbəri paylaş