Newscenter.az.28.12.2018. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı, Gəncə və Sumqayıt şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.
Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq seçim turlarının keçirilməsi nəzərdə tutulmuşdur. İlkin olaraq 18 dekabr 2018-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə seçim turu keçirilmişdir. Nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Məlumat üçün bildirək ki, seçim turları Sumqayıt və Gəncə şəhərləri daxil olmaqla daha 7 ali təhsil müəssisəsində keçiriləcəkdir. Yekun olaraq Olimpiadanın Bakı Konqres Mərkəzində seçim turlarında qalib gələn gənclər arasında keçirilməsi planlaşdırılır.