Newscenter.az.11.01.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri imtahan keçirilən otaqlarda olub, ayrı-ayrı fənlər üzrə qış imtahan sessiyasının prosesini izləyiblər. Newscenter.az-a təhsil ocağından bildirilib ki, Nəzarət Şurasının üzvləri tələbələrin sessiyaya hazırlığı, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.
Aİİ rektoru Ceyhun Məmmədov İctimai Nəzarət Şurasının üzvlərinə imtahan prosesi barədə ətraflı məlumat verib, sualları cavablandırıb. O bildirib ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün operativ qərargah yaradılıb.C.Məmmədov imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi və test formasında keçirildiyi barədə Nəzarət Şurasının üzvlərini məlumatlandırıb.
İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiyanın yaradıldığı, imtahanlara nəzarətin müəllim-koordinatorlar tərəfindən həyata keçirildiyi qeyd edilib. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə İctimai Nəzarət Şurasının üzvlərinə məlumat verilib.
Qeyd olunub ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazım olan şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb. Hər gün imtahanlar yekunlaşdıqdan sonra qutular açılaraq, tələbələrin şikayətlərinə baxılır və problemlər həll olunur.