Newscenter.az.16.01.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi başa çatıb. Newscenter.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 260-ı VII-VIII, 269-u isə X-XI sinif şagirdlərindən ibarət olmaqla, ümumilikdə 529 nəfər məktəb mərhələsində qalib gələrək rayon (şəhər) turunda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan rayon (şəhər) mərhələsində şagirdlər 3 saat vaxt ərzində yazılı tapşırıq yerinə yetirəcəklər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.
R.Mehdiyeva