Newscenter.az.16.01.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır.
Agentlikdən Newscenter.az-a bildirilib ki, 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir . Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılıb. Kür körpüsü isə o zamanki yüklənmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilib.
Texnoloji ardıcıllığa uyğun olaraq mövcud körpünün üstündəki asfalt-beton layları tamamilə qaşınıb çıxarılıb, körpünün üst metal təbəqəsinin sıradan çıxmış hissələri çıxarılaraq yenisi ilə əvəz edilib. Layihəyə uyğun olaraq körpünün üst metal təbəqəsi təzyiqli qum şırnağından istifadə edilməklə təmizlənib, metal təbəqə başdan-başa 10 mm qalınlığında sudan mühafizə qatı vurulub, məhəccərləri isə tamamilə dəyişdirilərək müasir məhəccərlərlə əvəz edilib. Hazırda körpünün Salyan şəhəri tərəfə yanaşma yolunda aşınma asfalt-beton layının qoyulması və körpünün hər iki tərəfində suaxıdan beton küvetlərin tikintisi və işıqlanma dirəklərinin quraşdırılması üçün hazırlıq işləri davam etdirilir. Təmir-bərpa işlərinin yanvar ayının sonunda yekunlaşacağı və körpünün sürücülərin istifadəsinə veriləcəyi gözlənilir.
ANAR