Newscenter.az.4.02.2019. Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə də köçürülmə məhz Sumqayıt şəhərində uzun illərdən bəri müvəqqəti məskunlaşma obyekti olan qəzalı və həyat üçün təhlükəli bina və tikililərdən başlanır. Newscenter.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib. Püşkatmada Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin, ictimai fəalların, jurnalistlərin iştirakı ilə şəffaf şəkildə keçirilən püşkatmada məcburi köçkünlər bundan sonra yaşayacaqları mənzilin yerləşdiyi binanı və mərtəbəni müəyyənləşdiriblər.
Məcburi köçkün ailələrinin Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə yaşayış kompleksinə köçürülməsinə yaxın günlərdə başlanılacaq.
Yeni mənzillərə köçən məcburi köçkün ailələri onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edib.
Abşeron rayonunun ərazisindəki yeni yaşayış kompleksində mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Yeni mənzillər tam təmirlidir, mətbəx mebeli, qaz sobası ilə təchiz olunublar. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.