Newscenter.az.6.02.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.
Atrıq 14 quyuda qazma işləri tamamlanıb, qalan 21 quyuda qazma işləri davam etdirilir.
Yaxın vaxtlarda həmin subartezian quyularında işlər tam yekunlaşdırılaraq istismara veriləcək.
Xatırladaq ki, bütün digər sahələrlə bərabər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məsələsi cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir