Newscenter.az.6.02.2019. Fevralın 6-da Türkiyənin İstanbul Texniki Universitetinin (İTÜ) prorektoru, professor Əli Fuad Aydının başçılıq etdiyi nümayyəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov rəhbərlik etdiyi universitet haqqında qonaqlara geniş məlumat verib. Söhbət zamanı, son illər AzTU-nun kadr potensialı, elmi-texniki və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Rektor əvəzi iki il öncə İTÜ-nün texnoparkına etdiyi ziyarəti xatırladaraq, AzTU-da bu cür texnopark mühitinin formalaşdırılması üçün yüksək elmi potensial və istək olduğunu vurğulayıb.
Prorektor Əli Fuad Aydın son illər İTÜ-nün beynəlxalq əməkdaşlıqlar üçün aktiv kansepsiya üzrə işlədiyinə diqqət çəkərək, AzTU ilə əlaqələrin yüksək səviyyədə qurulacağına əminliyini bildirib. Prorektor qeyd edib ki, hazırda İTÜ-nün texnoparkı dünya üzrə Amerika Birləşmiş Ştatları və Niderland Krallığının texnoparklarından sonra üçüncü yerdə qərarlaşır. Bundan əlavə ERASMUS və digər beynəlxalq təhsil layihələrində aktiv iştirak etdiklərini deyən professor Əli Fuad Aydın, gəlcəkdə bu layhələrdə AzTU ilə birgə iştirakın mümkün olduğunu bildirib.
Sonda prorektor Əli Fuad Aydın rektor əvəzi Xalıq Yahudovu İTÜ-yə səfərə dəvət edib. Qərara alınıb ki, səfər çərçivəsində iki universitet arasında əməkdaşlığa dair müqavilə imzalansın.