Newscenter.az.14.02.2019. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçiriləcək.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, fevralın 18-də baş tutacaq tədbirdə Xocalı soyqırımının 27-cı ildönümünə həsr edilmiş “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi təşkil olunacaq.
Sənədli film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi tərəfindən lentə alınıb. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımdan bəhs edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı"na əsasən, 26 fevral 2019-cu il tarixdə ali təhsil müəssisəsində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.