Newscenter.az.14.02.2019. Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, paytaxt məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya”lar daxilində görülən işlərə dair təqdimat və müzakirələrin təşkili nəzərdə tutulur. Bundan əlavə, “Kiçik Akademiya”ların fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələri arasında müsabiqə təşkil olunacaq.
Həmçinin “Kiçik Akademiya”ya rəhbərlik edən müəllimlər üçün təlimlər keçiriləcək. Eyni zamanda “Kiçik Akademiya”nın regional bölmələri yaradılacaq. Ümumi təhsil müəssisələrinin rəsmi saytında “Kiçik Akademiya” bölməsi açılacaq. Şagirdlərin “Kiçik Akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” istiqamətində tədbirlər təşkil olunacaq.
2018-2019-cu tədris ilinin sonunda BŞTİ tərəfindən paytaxt üzrə “Kiçik Akademiya”larla bağlı elmi-metodiki konfransın keçirilməsi planlaşdırılır.