Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxın içməli su təchizatı yenidən qurulur

Qazaxın içməli su təchizatı yenidən qurulur


Newscenter.az.14.02.2019. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir şəhərdə yeni su və kanalizasiya layihəsinin icrasına başlayır.

Newscenter.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Qazax şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə tikinti işlərinə start veriləcək. Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətində layihənin təqdimat mərasimi keçirilib. Rayon ictimaiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirak etdiyi təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bölgələrin inkişafını təmin edən uğurlu islahatlardan, dövlət proqramlarından danışıb. Cəbhə bölgəsində yerləşən Qazax rayonunda su və kanalizasiya layihəsinin icrasına başlanmasını əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək qiymət kimi dəyərləndirib.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Qazaxda icra olunacaq yeni layihə bu sahədə görülən işlərin davamıdır.

Sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub. Təqdimatda bildirilib ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.



Xəbəri paylaş