Newscenter.az.14.02.2019. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsinə dair dəyirmi masa təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qida təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən təklif edilən “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsində göstərilən əsas prinsiplər və yanaşmalar barədə qida sənayesini təmsil edən maraqlı tərəfləri, eləcə də istehlakçıları məlumatlandırmaq, eyni zamanda, müzakirələrdə səsləndiriləcək fikir və rəylərin layihənin yekun variantında öz əksini tapmasıdır.
Azərbaycanda regional və beynəlxalq səviyyədə kənd təsərrüfatı –qida məhsulları ticarətinin inkişafı ölkə Prezidenti tərəfindən 6 dekabr 2016-cı il tarixlərində qəbul edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritələrinin əsasını təşkil edir. Azərbaycan qida məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsi vacib şərtlərdəndir. Bu baxımdan “Qida Təhlükəsizliyi haqqında” Qanunu islahatlar istiqamətində böyük bir addım kimi qiymətləndirmək olar. Azərbaycanın qida təhlükəsizliyi sistemini qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıracaq və Aİ –nin ərzaq qanunvericiliyində göstərilən bütün əsas prinsipləri özündə əks etdirən yeni qanun qida sektorunda rəqabət qabiliyyətinin gücləndirilməsinə və qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə öz töhvəsini verəcəkdir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi Simona Qatti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı ilə açılan dəyirmi masada 2017-ci ildən etibarən qanun layihəsinin hazırlanmasında iştirak edən AQTA və Aİ mütəxəssislərinin qida təhlükəsizliyi ilə bağlı təqdimatları dinlənilib.
Q.Təhməzli çıxışında ölkə rəhbəri tərəfindən Agentliyin qarşısında qoyulmuş qısamüddətli və uzunmüddətli hədəflər və onların icrası istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Agentliyin qarşısında qoyulmuş uzunmüddətli hədəflərə, o cümlədən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal olunan qida məhsullarının inkişaf etmiş bazarlara ixracının asanlaşdırılması məqsədilə qeydiyyat, sertifikatlaşdırma və nəzarət tədbirlərinin qarşılıqlı tanınmasına nail olunması, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, informasiya texnologiyalarının son nailiyyətlərindən və innovativ həllərdən istifadə etməklə qida zənciri boyu risk əsaslı nəzarət sisteminin qurulması, istehlakçıların hüquqlarının qorunması və sahibkarların mənafelərini qorumaqla qida təhlükəsizliyinin təmin edilməsi kimi hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqamı” layihəsi və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmış və aidiyyəti qurumlara təqdim edilmişdir. AQTA sədri Dövlət Proqramının və Qanunun layihəsinin hazırlanmasında Agentliyin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər və sahibkarların təmsilçilərin də iştirak etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən sahibkarlar üçün çox mühüm əhəmiyyət kəsb edir. “Bu gün kənd təsərrüfatı, qida məhsullarının istehsalı və satışı Azərbaycanda qeyri-neft sektorunun ən əsas sahələrindədir. Burada yaranmış münasibətlərin qanunvericilik səviyyəsində tənzimlənməsi sözsüz ki, münasibət iştirakçılarının da xeyrinə olacaqdır.” Daha sonra Məmməd Musayev, dəyirmi masanın əhəmiyyətinə toxunaraq, sahibkarları qanun layihəsinin müzakirəsində aktiv olmağa səsləyib.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım Simona Qatti “Qida təhlükəsizliyi haqqında” Qanunun Azəbaycanda qida təhlükəsizliyi ilə bağlı aparılan islahatlar baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğuladı və qeyd etdi ki, bu sahədə beynəlxalq təcrübənin tətbiqi, eyni zamanda Avropa qanunvericiliyi ilə uyğunluğun təmin edilməsi Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsinə, habelə Azərbaycanla Avropa Birliyi arasında qida və kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir. Xanım Qatti, həmçinin, bildirdi ki, hazırda Azərbaycanla Avropa Birliyi arasında yeni müqavilə üzrə aparılan danışıqlarda ticarət, xüsusilə sanitariya və fitosanitariya məsələləri dominant rol oynayır. Sonda xanım Qatti xatırladıb ki, Azərbaycanla Avropa Birliyi arasında qida təhlükəsizliyi, o cümlədən heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlıq 10 ildən artıqdır ki, mövcuddur və Avropa Birliyi bu tematik sahədə Azərbaycanla əməkdaşlığını davam etdirməyəkdən məmnundur.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların, habelə istehlakçı assosiasiyalarının iştirak etdiyi tədbirdə qanun layihəsi ilə bağlı müxtəlif rəy və fikirlər səsləndirildi. Müzakirə olunan bir sıra məsələlərin AQTA mütəxəssisləri tərəfindən yenidən nəzərdən keçirilməsi məqsədəuyğun hesab edildi.
Qeyd edək ki, aparılan müzakirələrin proqramı Avropa İttifaqının "Qida və qida təhlükəsizliyi sahəsində rəsmi nəzarətin həyata keçirilməsi üçün Azərbaycan Hökumətinin institusional bacarıqlarının gücləndirilməsi" layihəsinin texniki dəstəyi ilə işlənib hazırlanmışdır. Bu layihə Azərbaycanla Avropa İttifaqı arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya siyasəti sahəsində 10 ildən artıq davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Tərəflər müvafiq qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səylərin artırılmasının, eyni zamanda əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi ilə bağlı birgə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Anlaşma memorandumunda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyinə dair qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirilməsi istiqamətində birgə tədbirlərin təşkili, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və sahibkarların rəqabət qabiliyyətinin artırılması istiqamətində texniki və metodiki dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.