Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib


Newscenter.az.19.02.2019.
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib. Newscenter.az xəbər verir ki, iclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iclasda çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir.
“Ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il 30 oktyabr tarixində istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindaşımalarının həyata keçirilməsində əsas rol oynayacaq”.
Nazir qeyd edib ki, hazırda ölkəmizdə avtomobil yolları infrastrukturunun inkişafı və müasir yol şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir.

R.Quluzadə Xəzər regionunda multimodal daşımaların geniş tətbiqi, dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr və tankerlərin alınaraq istifadəyə verildiyini də vurğulayıb.
“Dəniz və quru nəqliyyatı ilə yanaşı, mülki aviasiya sektorunun inkişafı da bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə son illərdə bir çox işlər görülüb. “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarə parkı yeni və müasir təyyarələrlə tam yenilənib. Hazırda AZAL-ın təyyarələri Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması və ölkəmizin bu sahədə tranzit potensialının tam istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülür”.
Nazir ölkəmizin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın, o cümlədən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrıldığını bildirən R.Quluzadə ölkə başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu xatırladıb.

“Düşünürəm ki, proqramda müəyyən olunmuş vəzifələrin icrası üzrə Avropa İttifaqının təcrübəsindən faydalanmaq məqsədilə bu istiqamətdə daha intensiv əməkdaşlıq aparılacaq. Ümidvaram ki, əməkdaşlığımızın genişlənməsi Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yük və sərnişinlərin maneəsiz, sürətli və təhlükəsiz daşınması, eləcə də iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün şərait yaradacaq”.
Göstərilən qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirən Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun keçirilməsinin üstünlüklərindən danışıb. O qeyd edib ki, tərəfdaşlarla bu cür dialoqların keçirilməsi məsələsi əvvəlcədən diqqətlə təhlil edilir.

“Qeyd edim ki, bu, Avropa İttifaqı səviyyəsində keçirilən yeddinci belə dialoqdur. Bu cür yüksək səviyyəli tədbirləri biz əməkdaşlığa olduqca maraq göstərən tərəflərlə keçiririk. Bu gün nəqliyyat sahəsində bir çox seqmentlər üzrə müzakirələr aparılacaq ki, bu da birgə əməkdaşlığın yeni üfüqlərini və istiqamətlərini müəyyən edəcək”.

H.Hololey yüksək səviyyəli dialoq çərçivəsində gələcək əməkdaşlıq aspektlərinin də nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi müzakirə olunub. Bundan başqa, Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş