Newscenter.az.19.02.2019. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.
Agentlikdən Newscenter.az-a bildirilib ki, Ağdam rayonunda cari ildə 4 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub ki, artıq bu istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamılarına əsasən yenidənqurma işlərinə start verilib. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və ümumi uzunluğu 5.6 km olan yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yollarıdır.
Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür.
Ümumilikdə 4 cəbhəyanı kəndi əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.