Newscenter.az.19.02.2019. Vəziyyət elədir ki, hazırda Azərbaycan hakimiyyətinin əleyhidarları heyrətamiz statistika ilə aksiyalar keçirmək gücündə deyillər. Ona görə də bütün qüvvə ilə şaiyələr işə salınıb. Əvvəlcə, hakimiyyətdə təmsil olunan yüksək çinli məmurlar hədəf seçildi. Nəticə olmadı. İndi əhalinin istifadə etdiyi ərzaq məhsullarında artımlarla bağlı şaiyələr dövriyyəyə buraxılıb.
Bu gün hansısa məhsulun qiymətində müşahidə edilən oynamaların səbəbləri imkan vermir ki, bu səbəblər narazılıq şəklində hakimiyyəti idarə edən qüvvələrə yönəlsin. Müxtəlif məhsulların dəyərinə sahibkarlıq amilinin cavabdehliyi tənqidləri dövlətdən yayındırır. Bazarlardakı hansısa kənd təsərrüfatı məhsulunun qiymətini dövlət yox, bazar müəyyən edir.
Belə bir durumda əhalinin içərisində şayiələrlə, real olmayan qiymət artımı anonsları ilə narazılıq toxumu səpilmək xətti götürülüb. Əhalinin arasında məqsədli şəkildə süni qiymət artımı xofu yaradılır.
Lakin yaradılan bu ajioataj heç bir effekt verməyəcək.
İlham Əliyevin atdığı addımlar müxalifətin meydana kütləvi narazı təbəqə çıxartmaq imkanlarını heçə endirib. Ölkə vətəndaşı gerçəkləşdirilən sosial, iqtisadi islahatları dəstəkləyir, bu addımların əleyhinə olmasını öz hərəkətlərində büruzə vermir. Son addımların kökündə isə Azərbaycan insanının sosial vəziyyətinin yüngülləşməsi faktoru dayanır, buna görə də hakimiyyətdən narazı olmaq üçün əsas yoxdur. Ölkə əhalisinin razılığı, narazılıq əhval-ruhiyyəsini tam sıradan çıxarıb.
Müxalifətin şaiyələrinin qabağına hakimiyyət daha güclü sosial rifah vəd edən proqramlarla çıxıb. İlham Əliyev yaxın perspektivdə problemlərin tam həllini vəd edən islahatlar paketinin icrasına başlayıb. Müxalifət isə tam əksinə -şayiələrlə zəngin, populist vədlərlə ortadadır...
ELMAN BABAYEV