
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" ictimai birliyinin (ATXƏM) prezidenti İlham İsmayılov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünə 30 Avqust Türkiyə Zəfər Bayramı münasibətilə təbrik məktubu göndərib.
Newscenter.azxəbər verir ki, təbrik məktubunda qeyd edilir:
Hörmətli səfir,
Bu gün türk millətinin istiqlaliyyətinin və vətən sevgisinin ən böyük rəmzlərindən biri olan 30 Avqust Zəfər Bayramını böyük qürur və coşqu ilə qeyd edirik.
1922-ci il avqustun 30-da Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan böyük zəfər türk millətinin istiqlal və azadlıq iradəsinin tarixə qızıl hərflərlə yazılmış ifadəsidir. Bu əlamətdar qələbə Türkiyə Cümhuriyyətinin qurulması yolunda ən mühüm dönüş nöqtələrindən biri oldu.

Azərbaycan və Türkiyə arasında "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz qardaşlıq ortaq tariximizin və milli dəyərlərimizin ən güclü ifadəsidir. Türkiyənin Azərbaycana sarsılmaz dəstəyi bir daha bu qardaşlığın gücünü və səmimiyyətini nümayiş etdirdi.
ATXƏM vətəndaş cəmiyyəti olaraq, Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verməyi vacib vəzifə hesab edirik.
Bu münasibətlə, Qazi Mustafa Kamal Atatürk başda olmaqla vətən uğrunda canlarını fəda edən bütün qəhrəmanlarımızı hörmət, mərhəmət və minnətdarlıqla yad edirik və Türk millətinin 30 Avqust Zəfər Gününü ən səmimi arzularımızla qeyd edirik.
30 Avqust Zəfər Gününüz mübarək!










































