Newscenter.az.22.02.2019. Bakı şəhərində bu il yenidən qurulması nəzərdə tutulan bu cür yollardan biri də Sabunçu rayonu Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yoludur.
Avtomibil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır. Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılacaq. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.