Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“KOB Dostu” artıq Abşeronda

“KOB Dostu” artıq Abşeronda


Newscenter.az.22.02.2019. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fevralın 22-də Abşeron rayonunda fəaliyyətə başlayıb. Bu, Abşeron rayonu üzrə ilk “KOB Dostu”dur və Abşeron rayonu ilə yanaşı, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara da xidmət göstərəcək.

Newscenter.az-a İqtisadiyyat Nazirliyindən bildirilib ki, Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Agentliyinİdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, Agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Respublikası Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşan mühüm layihələrdəndir. “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatalavə Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.

Abşeron rayonunun böyük iqtisadi potensiala malik olmasını, ölkənin iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərinə yaxın məsafədə yerləşməsini nəzərə alaraq, Agentlik yeni KOB-ların yaradılması və inkişafına KOB dostları vasitəsilə dəstək olacaqdır. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən Orxan Məmmədov 2019-cu il ərzində ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsində rolunu, biznesə yeni başlayanlar üçün əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada sahibkarlara Agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcəkdir.

Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd: İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib. Ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləmək, KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək Agentliyin başlıca fəaliyyət istiqamətləridir.
Xəbəri paylaş