Newscenter.az.22.02.2019. “Xarici ölkələrdə yaşayan, özlərini azərbaycanlı adlandıran, lakin bu adı daşımağa layiq olmayan bir sıra məxluqların Azərbaycan tarixində xalqımıza qarşı erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının ildönümü öncəsi ayrı-ayrı ölkələrdəki beynəlxalq təşkilatların nümayəndəlikləri qarşısında Azərbaycanda azadlığın olmaması, insan hüquqlarının pozulmasına dair böhtan xarakterli çıxışlar etməsi,xaricdəki erməni lobbisinin və Azərbaycanın inkişafını istəməyən digər qrup və güclərin birbaşa maliyyə dəstəyi hesabına reallaşır”.
Bu fikirləri Newscenter.az-a millət vəkili Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, özlərini Azərbaycansevərlər, azadlıqseverlər kimi göstərən bu ünsürlər Xocalı faciəsinin sədalarını çatdırmaq üçün həmin nümayəndəliklər qarşısına çıxmalı idilər:
“Lakin bunların məqsədi Azərbaycanı qarışdırmaq və ölkəmizdə müxtəlif ölkələrin maraqlarının yerinə yetirilməsidir. Bu kimi ünsürlərə qarşı dövlət orqanlarımız,möhtərəm prezidentimiz beynəlxalq təşkilatlarda öz sözlərini deyirlər. Bu ünsürlərin layiqli cavabını verirlər və belə hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları bu insanların əməllərinə hüquqi qiymət verəcəkdir. Azərbaycan Respublikasının Milli Məclisində də bununla baglı işlər aparılır”.
Qeyd edək ki, bu günlərdə xarici ölkələrdə Xocalı faciəsinin 27-ci ildönümünün qeyd edilməsi ilə bağlı aksiyalar keçirildiyi bir ərəfədə, Almaniyada yaşayan bəzi antimilli ünsürlər BMT-nin öfisi qarşısında ölkəmiz əleyhinə növbəti aksiya keçiriblər.