Newscenter.az.22.02.2019. Azərbaycanda sığorta bazarı inkişaf etsə də, hər ötən gün yeni-yeni sığorta şirkətləri yaradılsa da, lakin heç də əksəriyyət hallarda həmin sığorta şirkətləri səmərəli fəaliyyət göstərmir, vətəndaşla imzaladığı sığorta öhdəçiliyinə əməl etmir. Etiraf etmək lazımdır ki, gündəlik olaraq sığorta şirkətlərinin bu cür mənfi hallarının şahidinə şevrilirik. Necə ki, "Standart İnsurance" şirkəti kimi. Belə ki, Avtosfer.az portalının redaktoru, jurnalist Orxan Əli "Standart İnsurance" şirkətindən şikayətçidir. Jurnalist deyir ki, 2019-cu ilin yanvar ayının 3-də idarə etdiyi avtomobil digər bir sürücü tərəfindən vurulub. Məhz bundan sonra jurnalistin 50 günlük iztirabı başlayıb. Belə ki, qarşı tərəfin sığorta şirkəti, yəni "Standart İnsurance" şirkətinin əməkdaşı hadisə yerinə gəlib, hadisənin fotolarını çəkəndən sonra yol polisindən alınmış “Forma 4” ilə bilikdə şirkətə yaxınlaşmağı söyləyib. Yanvar ayının 4-də Orxan Əli Bakı Şəhər Dövlət Yol polisi İdarəsində olub. Onu qəbul edən Bəxtiyar adlı inspektor hadisədə günahın həqiqətən də qarşı tərəfdə olduğunu və buna dair videogörüntülərin mövcudluğunu bildirib. Yol-nəqliyyat hadisəsi barədə arayışı alan jurnalist “Forma 4” götürmək üçün sığorta şirkətinə yollanıb.
Yol polisinin "işini görən" şirkət nümayəndəsi
Şirkətin Rəşad adlı əməkdaşı ilə görüşən Orxan Əli gözlənilməz mənzərə ilə üzləşib. Əməkdaş ona bildirib ki, hadisədə günahkar tərəf kimi qəza yerinə baxış keçirən işçi tərəfindən jurnalistin özü günahkar göstərilib və araşdırma şöbəsinə yaxınlaşmağı məsləhət görüb.
15 günlük "araşdrıma"
"Standart İnsurance" şirkətinin Hicran adlı şöbə müdiri hadisədə qaranlıq məqamların olduğunu və bunun araşdırmasının vacibliyini bildirib. Təbii ki, yol polisinin hadisəyə verdiyi qiymət qanunvericilikdə əsas götürülsə də, nədənsə keçmiş polis işçisi olan Hicran müəllim "araşdırmanı" yol polisinin deyil, özünün aparmasını "məqsədəuyğun" görüb. Ardınca Bəhruz adlı digər sığorta şirkəti əməkdaşına dövr edilən iş bir həftə ərzində "günahkar axtarışına” çıxıb. Nəticədə bir həftədən sonra yol polisinin ilkin qiymətləndirməsində jurnalistin günahkar olmaması şöbə müdiri Hicran müəllimə əyan olub.
Sürpriz hələ qabaqda imiş
Nəhayət 15 gündən sonra “Forma 4” alıb Yol polisinə təqdim edən jurnalist DYP-nin rəyini sığorta şirkətinə çatdırıb. Ardınca qiymətləndirmə mərhələsində qəzanın şəkillərinə baxan əməkdaş heç bir hesablama aparmadan avtomobilə 1800 manat ziyan dəydiyini deyərək bu məbləği təklif edib. Məbləğlə razılaşmayan jurnalist avtomobilin servisdə qiymətləndirilməsini tələb etdikdən sonra "Performance centre"nin Babək filialına yönləndirilib. Təxminən bir həftə ərzində qiymətləndirililən avtomobilin təmirinə nəhayət ki, bir aydan sonra - fevral ayının 3-də razılıq verilib. Məbləğ isə 2305 manat müəyyənləşdirilib.
Sığorta şirkəti ilə servis arasındakı müəamma
Jurnalist servisdə təmir olunan avtomobilin təmir xərcinin də elə servisə ödənməsini istəyib. Lakin avtomobil təmirdən çıxdıqdan sonra servis əməkdaşı Səbuhi adlı şəxs bildirib ki, avtomobilin buraxılması üçün pul ödənməlidir. Yavarın 3-dən avtomoblilsiz qalan jurnalist sığorta şirkətinə pulun nə vaxt ödəniləcəyi ilə bağlı müraciət edib. Müqaviləyə imza atdıqdan və bank hesabı təqdim edildikdən sonra məbləğin 7 iş günü ərzində hesaba köçürüləcəyi bildirilib. Jurnalistə servisdən girov qoymaq qarşılığında avtomobilini götürə biləcəyi bildirilib. Bir həftədən sonra sığortadan pul alacağı ümidi ilə borc alan jurnalist avtomobil üçün hesablanmış 2305 AZN pulu servisdə girov qoyaraq avtomobilini götürüb.
Sığorta şirkəti ilə servis arasındakı ikinci müəmma...
Bir neçə gün sonra pulun nə vaxt ödəniləcəyi ilə bağlı şirkətə zəng edən jurnalist sözün əsl mənasında şok yaşayıb. Jurnalistə deyilib ki, sizin pulunuz aprel ayının 4-dən sonra ödənəcək. Fevral ayının 21-də sığorta şirkətinə gedən jurnalist avtomobilin artıq təmirdən çıxdığını və pulun ödənilməsini tələb edib. Onu şirkətin Pərvin adlı əməkdaşının yanına yönləndiriblər. Pərvin adlı əməkdaş məsələni "araşdırıdıqdan" sonra şirkətin digər əməkdaşı olan Zülfüqar adlı şəxslə telefon əlaqəsi saxlayıb. Zülfüqar adlı şəxs bildirib ki, hazırda servisdədir və bu məsələnin həlli ilə məşğuldur. Jurnalistə bildirilib ki, servis avtomobilin buraxılmasına razılıq verib. Yenidən servisə gələn jurnalist qoyduğu girovu tələb edərək avtomobilin xərcinin sığorta şirkəti tərəfindən ödəniləcəyi ilə bağlı razılıq əldə olunduğunu bildirib. Servisin Səbuhi adlı əməkdaşı isə avtomobilin buraxılmasının xahiş olunduğunu və pulun ancaq mart ayının 20-dən sonra ödəniləcəyini deyib. Daha sonra servisin məsul şəxsi olan Nazim müəllimlə görüşən jurnalistə verilən cavab onu şoka salıb. "Sizin iki yolunuz var. Əgər girovunuzu istəyirsinizsə o zaman avtomobil burda qalmalıdır. Ya da gedib sığortadan pulunuzu tələb edin." Yenidən sığorta şirkətinin Pərvin adlı əməkdaşına zəng edən jurnalistə kobud cavab verərək "sən məni aldatmısan. Maşın səndədir. Get məsələni özün həll elə" cavabı verilib. Sanki bu şəxsin sığorta şirkətinə aidiyyatı yoxdur.
Hazırda jurnalist çıxılmaz vəziyyətdə qalıb. Borc götürdüyü 2305 manatı nə sığorta şirkəti ödəyir, nə də servis geri qaytarır. Qeyd edək ki, "Standart İnsurance" sığorta şirkətindən bu ilk şikayət deyil. Jurnalist deyir ki, Pərvin adlı şəxsin yanında olanda digər bir sürücü əsəbi halda neçə gündür aldadıldığını deyirmiş. Sığorta şirkəti isə məbləği gec ödəməsinə əsas kimi hadisələrin çox olduğu və ziyanda olduqlarını əsas gətirir: “Ziyandayıq, pulumuz yoxdur, ödəyə bilmirik”. Əslində, sığorta şirkətinin “ziyanda” yaxud “xeyir”də olmasının müştəriyə nə aiddiyyəti var?