Newscenter.az.11.03.2019. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a bildirilib ki, pedaqoji mühazirələrin keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübəni təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, pedaqoji mühazirələrin mart ayında rayon, aprel ayında şəhər mərhələsi keçiriləcək, may ayında isə 15 ən uğurlu mühazirə ölkə mərhələsinə təqdim olunacaq.
BŞTİ tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə işçi qrupu yaradılıb.
Pedaqoji mühazirə iştirakçıları Münsiflər heyəti tərəfindən müəyyən olunmuş meyarlar üzrə qiymətləndiriləcək.
Pedaqoji mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı mövzular üzrə keçiriləcək.
Qeyd edək ki, pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.