Newscenter.az.13.03.2019. Martın 13-də Nizami Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon Polis İdarəsinin (RPİ) birgə təşkilatçılığı ilə Nizami rayonu 129 saylı tam orta məktəbdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru E.Quliyeva orta məktəblərdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Nizami RİH başçısı Aparatının məsul əməkdaşı B.Hüseynov rayon ərazisində dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizm, ekstremizmə qarşı mübarizə istiqamətində görülən tədbirlərdən söz açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov dini radikalizm və ekstremizmin mahiyyəti, onun milli-mənəvi dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib.
Nizami RPİ-nin 25-ci polis bölməsinin inspektoru, polis kapitanı G.Qurbanova hazırda dini radikalizm və ekstremizmə qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.