Newscenter.az.13.03.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) maarifləndirmə tədbirlərini davam etdirir. Agentlikdən Newscenter.az-a bildirilib ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi”ndə keçirilib.
Tədbirdə yetkinlik yaşına çatmayan uşaqlara və mərkəzin işçi heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri” mövzusunda videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin mütəxəssisləri “İlkin qida təhlükəsizliyi vərdişləri”, “Sağlam qidalanma”, "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər", “Suyun faydaları” mövzularında təqdimatlar nümayiş etdirib.
Sonda Agentliyin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb, Agentliyin xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər və yeniyetmələr arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.