Newscenter.az.15.03.2019. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda respublika elmi-praktik konfransı başlayıb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq müasir dövrdə aqrar sahənin aktual problemlərindən biri olan sığortanın tətbiqi, bu sahədə mövcud olan problemlər və perspektivlərin müzakirəsinin əhəmiyyətindən, universitetdə bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışaraq konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev çıxış edərək konfransın elmi-praktik əhəmiyyətindən danışıb.
Konfransda iştirak edən Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü, TRASİM Şirkətinin Baş Direktoru Yusuf Cemil Satoğlu Türkiyə Respublikasının kənd təsərrüfatı və aqrar sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKTİS) koordinatoru Şahmar Bayramlı, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov aqrar sığortada elektron kənd təsərrüfatının əhəmiyyəti, aqrar sığortada yeni çağırışlar barədə məruzələr ediblər.