Newscenter.az.18.03.2019. “Azərenerji” ASC “Reabilitasiya proqramına” uyğun olaraq ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir.
Newscenter.az-a “Azərenerji”dən bildirilib ki, qoyuluş gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası sentyabr ayında təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” ASC stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir. “Reabilitasiya Proqramına” uyğun olaraq hazırda Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasına 25 km məsafədə 530 diametrli yeni qaz xətti çəkilir.
Buna səbəb isə əvvəl kənardan alınan qazın keyfiyyətinin aşağı olması ilə yanaşı istehsal prosesində bəzi problemlərin yaranması idi. Belə ki, hazırda “Cənub” ES-də hər birinin gücü 5 MVt olmaqla 2 ədəd qaz kompressoru işləyir, onlar qazın təzyiqini 6 atmosferdən 25 atmosferə qədər qaldırılmalı olur. Bu da orta hesabla ay ərzində 7 milyon kVts elektrik enerjisi sərfinə gətirib çıxarır. Yeni xətt çəkiləndən sonra qaz birbaşa turbinə daxil olacaq və həmin kompressorların işləməsinə ehtiyac qalmayacaq. Bununla da həm istehsal prosesində sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət ediləcək, həm də həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək. Ən əsası isə bununla “Cənub” Elektrik Stansiyasının etibarlığı və dayanıqlığı artırılmaqla yanaşı, itirilmiş gücün bərpası istiqamətində daha bir addım atılmış olacaq.