Newscenter.az.18.03.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 28 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib. Newscenter.az xəbər verir ki. tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qənirə Əmircanova ulu əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, Novruz bayramının tarixi əhəmiyyəti barədə danışıb.
BŞTİ-nin müdiri Rəşad Tağıyev tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib.
Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən idarə müdiri bu bayramın yenidən Qarabağ torpaqlarında keçiriləcəyinə əminliyini ifadə edib.