Newscenter.az.27.03.2019. Naxçıvan Qarnizonunda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin peşəkarlıqlarının artırılması məqsədi ilə növbəti təlim toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, toplantı zamanı hərbi rəhbərlərin sıra hazırlığı yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən nəzəri dərslərdən sonra hərbi-vətənpərvərlik mövzusunda film və video-çarxlar nümayiş etdirilib.
Təlim toplantısında müxtəlif təyinatlı silahların natamam sökülüb yığılması, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani şəkildə göstərilərək normativlər qəbul olunub. Yaralılara ilkin tibbi yardım edilərək onların döyüş meydanından təxliyyəsi üzrə dərslər keçilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbirində təlim toplantının nəticələri, hərbi rəhbərlərin bilik və bacarıq səviyyələri müzakirə edilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Ovni Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Cavid Məmmədov və Əlahiddə Ümumqoşun Ordu komandanın müavini, general-mayor Teymur Eyyubov belə təlim toplantıların böyük əhəmiyyət daşıdığını bildirib, hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını vurğulayıblar.
Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.