Newscenter.az.29.03.2019. “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Gəncə şəhərində təşkil olunub. Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirə Gəncə-Qazax regionu üzrə 100-ə yaxın gənc qatılıb.
Newscenter.az xəbər verir ki, tədbirin informativ hissəsində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov qeyd edib ki, startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən icrasına başlanılan “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turu artıq ikinci dəfədir Gəncədə keçirilir. O xatırladıb ki, ötənilki startap müsabiqəsində “Sağlam addımlar”, “Səbət”, “Virtual Gəncəbasar” adlı layihələr Gəncə şəhəri üzrə qalib seçilsə də, həmin layihələr respublika finalında əsas yerlərdən birini tutmağa müvəffəq ola bilməyiblər.
“Bu il biz Gəncədə keçirilən startap müsabiqəsinin nəticələrinin daha uğurlu olacağına ümid edirik. İl ərzində layihə çərçivəsində təşkil olunacaq startap turları ölkənin bir çox fərqli şəhər və rayonlarını - Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək. Onu da qeyd edim ki, artıq Mingəçevir, Sabirabad və Sumqayıt şəhərlərində startap müsabiqəsi keçirilib və qaliblər müəyyən olunub. Adıçəkilən rayonlar üzrə qaliblər müəyyənləşdikdən sonra respublika üzrə Milli Final keçiriləcək və qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq. Eyni zamanda, qaliblərə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək” – deyə, R.Əzizov bildirib.
Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov bildirib ki, təmsil etdiyi fond gənclərin şəxsi inkişafı, onların intellektual potensialının üzə çıxarılması istiqamətində davamlı işlər görür. O qeyd edib ki, Azərbaycan Gənclər Fondunun elan etdiyi qrant müsabiqələri də gənclərə öz ideyalarını reallaşdırması üçün geniş imkanlar açır.
Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət komandalar formalaşdırılıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən biznes sxemləri hazırlanıb. Qeyd edək ki, bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində iş planlarının hazırlanmasında çox mühüm yer tutur.
İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilib.
Münsiflər region üzrə 1-ci yerə “Biobone”, 2-ci yerə “Sağlam qida ”, 3-cü yerə isə “P4Y” (Platform for Youth) layihəsini layiq görüblər.
Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.
Xatırladaq ki, “I2B – İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılır.