Newscenter.az.29.03.2019. Nəhayət, bir neçə aydır ki, hazırlıq prosesi aparılan və tərəflər arasında detalları müəyyənləşdirilən görüş baş tutdu. Söhbət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində baş tutan görüşündən gedir.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də iştirakı ilə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşü inqilabçı baş nazirin Ermənistanda hakimiyyəti zəbt etməsindən sonra baş tutan sayca üçüncü görüşdür. İki ölkə liderinin ilk görüşü hələ keçən il, Paşinyanın hakimiyyət kreslosuna əyləşdiyi ilk aylarda Tacikistanın paytaxtı Düşənbə şəhərində reallaşmışdı. Sonradan Nikol Paşinyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində də Azərbaycan Prezidenti ilə görüşsə də, lakin hər iki görüş problemin həlli istiqamətində hər hansı bir irəliləyişin əldə olunmasına imkan yaratmadı.
Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü ilə bağlı isə hələ bu görüş planlaşdırılandan müxtəlif versiyalar, proqnozlar səsləndirilir. Xüsusilə, Ermənistanda hesab edirlər ki, İrəvan onların təbirincə desək təslimçi sülhə hazırlanır. Və Nikol Paşinyan sələflərinin işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq niyyətindədir.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada baş tutan görüş barədə yerli analitik və ekspertlər də müxtəlif fikirlər səsləndirirlər.
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov hesab edir ki, Vyana görüşündə Ermənistanın psixoloji üstünlük əldə edəcəyi barədə irəli sürülən iddiaların heç bir əsası yoxdur:
“Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla gözlənilən ilk rəsmi görüşü barədə həm Azərbaycan, həm də Ermənistanın ekspertləri, siyasiləri tərəfindən ən müxtəlif dəyərləndirmələrin, təhlillərin şahidi olduq. Bu təhlillər arasında ən çox diqqətimi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan “Eurasia Daily” portalına müsahibəsində Paşinyanın bu görüşə hazırlıqsızlığı və ümumiyyətlə təcrübəsizliyi barədə səsləndirdiyi fikirləri çəkdi. Nikol Paşinyanın Qarabağa dair mövqeyini, daha doğru mövqesizliyini kəskin tənqid edən Şahnazaryan deyib: “Mən onun Madrid prinsipləri haqda dediklərini ümumiyyətlə başa düşmürəm. Erməni hakimiyyətinin öz bazası, öz traktovkası olmalıdır. Gedib “böyük dayılardan” xahiş etməli deyil ki, bu sənəddə nə deyilir. Bakı nəyə görəsə dəqiq bildirir ki, Madrid prinsipləri dedikdə nəyi başa düşür. Erməni rəhbərliyi isə deyir: bax budur, biz Vyanaya gedirik və qoy orada izah etsinlər görək bu nə prinsiplərdir. Ondan əvvəl isə Nikol Paşinyan ümumiyyətlə demişdi ki, Əliyevlə görüşmək haqda razılıq var, amma gündəm yoxdur. Sual olunur- öz gündəmin yoxdursa sən hara gedirsən?”
Şahnazaryan hesab edir ki, həm Nikol Paşinyan, həm də onun diletant xarici işlər naziri Zöhrab Mnatsakanyan Qarabağ məsələsində tam siyasi və diplomatik təcrübəsizlik nümayiş etdirir və onlar sadəcə olaraq mövzudan, problemdən xəbərsizdirlər. Şahnazaryan etiraf edir ki, məhz Paşinyan-Mnasakanyan cütlüyünün yol verdiyi ağır səhvlərin nəticəsində həmsədrlər və beynəlxalq ictimaiyyət indi Bakı ilə eyni mövqedən çıxış edir: “Erməni hakimiyyətinin məsuliyyətsiz hərəkətləri üzündən indi Ermənistan destruktiv tərəfə, Azərbaycan isə konstruktiv tərəfə çevrilib”.
Partiya sədri onu da deyib ki, Şahnazaryan Azərbaycanın konstruktiv tərəfə çevrilməsi barədə fikrində haqsızlığa yol verir:
“Çünki Azərbaycan indiyə qədər Qarabağla bağlı bütün danışıqlarda bir qayda olaraq həmişə konstruktiv, dinc mövqedən çıxış edib. Ermənistanı isə həmişə danışıqlar prosesini müxtəlif üsullarla, bəhanələrlə, təxribatlarla süni surətdə əngəlləyən, pozan tərəf qismində görmüşük. Lakin Şahnazaryan bir mənada haqlıdır ki, indi beynəlxalq ictimaiyyətin özünün Azərbaycana qarşı münasibəti müsbətə, konstruktivliyə doğru dəyişib. Çünki əvvəllər beynəlxalq ictimaiyyət haqlı-haqsız birmənalı olaraq həmişə Ermənistanın maraqlarını müdafiə edirdi. Bu mənada, nüfuzlu erməni ekspertinin etirafı bir daha onu göstərir ki, Paşinyan bu günki görüşdə psixoloji üstünlüyə malik olmayacaq”.