Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vyana görüşü bizə nə vəd edir?

Vyana görüşü bizə nə vəd edir?


Newscenter.az.29.03.2019. Mart ayının 29-da İlham Əliyev və Nikol Paşinyan arasında ilk rəsmi görüş keçiriləcək. Görüş Vyanada təşkil ediləcək və danışıqlarda həmsədrlər də iştirak edəcək.
Bu iki ölkə arasındakı ilk belə görüş deyil. Danışıqlar uzun illərdir ki, davam edir. Lakin, heç bir irəliləyiş olmayıb. Sabahkı görüşdən də hər hansı müsbət nəticə əldə ediləcəyi inandırıcı görünmür. Hər halda Paşinyan özü də bu barədə bu sözləri deyib " Bu görüş sadəcə əvvəlki danışıqlar əsasında müzakirələr " olacaq.
Paşinyanın bu cümləsini necə başa düşmək olar?

Ermənistanın baş naziri bununla ölkə daxilindəki müxalif qüvvələri xəbərdar etmək məqsədi güdür. Çünki, Paşinyan hakimiyyətə gəldiyindən bəri əsas mübarizə apardığı qüvvələr Qarabağ klanı və Dağlıq Qarabağdakı separatçılardır. Həmin qüvvələr ki, Paşinyan hər dəfə İlham Əliyevlə görüşdən dərhal sonra bu barədə öz hesabından paylaşım edərək bildirir ki, İlham Əliyevlə "Dağlıq Qarabağ" məsələsi ətrafında danışmamışıq. Bu mənada Nikol üzərində çox böyük təzyiq hiss edir. Sabahkı görüşdə də ssenarinin eyni olacağını, müsbət heç bir addım atılmayacağını deyə bilərik. Düşünürəm ki, Paşinyanın əsas problemləri də məhz bu görüşdən sonra başlayacaq. Belə ki, əgər sabahkı danışıqlardan da heç bir nəticə əldə edilməzsə bu il "Aprel döyüşləri" nin davamını görə bilərik. Bu zaman isə belə bir sual ortaya çıxır ki, Ermənistan növbəti qarşıdurmaya hazırdırmı?
Nikol Paşinyanın yeni problemlərindən biri də Dağlıq Qarabağdakı erməni ordusu ilə bağlıdır. Belə ki, hərbiçilər intizamsızlıq edir, həmin ərazilərdə xidmət etmək istəmirlər. Xüsusilə də əsgər valideynləri etiraz aksiyaları keçirir ölkədə. Bu mənada Paşinyan çıxılmaz vəziyyətə düşür. Paşinyan bu halda Rusiya ilə hesablaşmalı olduğunu yaxşı anlayır. Bu səbəbdən də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın təxminən bir həftə öncə Moskvaya gizli səfəri də təsadüfi deyil. Z. Mnatsakyan Moskvada Minsk qrupunun rusiyalı həmsədri İqor Popovla görüşüb. Bu səfərin məqsədi də bəllidir. Paşinyan Vyana görüşünün nəticələrindən olduqca narahatdır. Uzun illərdir davam edən münaqişədə Azərbaycanın artıq səbr kasası dolub. İlham Əliyevlə Paşinyan bundan öncə də qeyri rəsmi iki görüş keçirib. Düşənbədə və Davosdakı görüşlərdə düşünürəm ki, Paşinyan İ.Əliyevdən müəyyən xahişlər edib. Həmin xahiş budur ki, ölkədəki sabitliyi bərqərar edənə qədər atəşkəsə əməl edilsin və radikal addımlar atılmasın. Əgər hadisələr həqiqətən də bu məcrada davam edibsə ölkə başçısı İlham Əliyev həmin müddəti ona verdi. Lakin, Paşinyan öz vədini yerinə yetirməli danışıqlar formatının dəyişdirilməsi ilə bağlı mövqeyini dəyişməlidir.
Vyana görüşü bizə nə vəd edir?

Məsələnin digər tərəfi isə erməni lobbisi ilə bağlıdır. Belə ki, yaxın günlərdə Donald Trampın Colan təpələrini rəsmən İsrail torpağı kimi tanıması erməni lobbisində də aktivlik yaradacaq. Belə ki, biz Trampın bu addımı atmasında yəhudi lobbisinin təsirini qeyd ediriksə, unutmamalıyıq ki, dünyada yəhudi lobbisi ilə yanaşı digər güclü lobbi var ki, bu da erməni lobbisidir. Hansı ki, Donald Tramp seçki kompaniyası zamanı erməni və yəhudi lobbilərinə də müraciət edir, maraqlarını müdafiə edirdi. Bizə kim təminat verə bilər ki, sabah Donald Tramp erməni lobbisinin təzyiqi ilə "Dağlıq Qarabağı" Ermənistan torpağı kimi tanımayacaq. Əlbəttə, bu zaman belə bir sual yaranır ki, axı Azərbaycan ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir, enerji təhlükəsizliyində qarant rolunu oynayır və.s. Lakin, bir məsələni xatırladım. Con Boltonun Cənubi Qafqaza rəsmi səfəri zamanı çox maraqlı hadisələr cərəyan etdi. Həmin vaxtda üç ayrı ABŞ rəsmisi haqqında yazılar Ermənistan KİV-ni zəbt etmişdi. Belə ki, C. Bolton Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiklərini, iqtisadi əməkdaşlığın artırılması barədə bəyanatlar verdi. Bu isə Ermənistan hökumətini narahat edən məsələ idi.

Digər məqam isə Ermənistandakı sabiq ABŞ səfiri Riçard Millsin adı ilə bağlıdır. O, öz vəzifəsinin son günlərində belə bir bəyanatla çıxış etmişdi " Ermənistan bu münaqişənin həllini istəyirsə işğal etdiyi ərazilərdən geri çıxmalıdır ". Təbii ki, bu hadisə də erməni mətbuatının diqqətindən yayınmadı və birmənalı qarşılanmadı. Lakin, mənim diqqətimi çəkən əsas məsələ nəyə görə Riçard Millsin bu ifadəni son günlərə saxlamasıdır. Hansı ki, bunu əvvəl də deyə bilərdi. Bunun da müxtəlif səbəbləri var. Lakin, istənilən halda bu çıxış bizim milli maraqlarımıza uyğun idi.

Son olaraq Donald Trampın müşaviri və şəxsi vəkili olan Rudolf Culianinin Con Boltonla eyni vaxtda Ermənistana səfəri olmuşdu. Səfər zamanı isə Rudolf Qondarma "erməni soyqırımını" tanımışdı.
Bütün bunları nəzərə alaraq Paşinyanın Vyanaya əliboş getməyəcəyini deyə bilərik.

Rusiya amili də bu məsələdə təsirsiz ötüşməyəcək əlbəttə. Xüsusilə də son olaylardan sonra Rusiya özünü olduqca rahat hiss edəcək regionda. Artıq ilhaqı rəsmiləşdirən təkcə Rusiya deyil.

Rusif Məmmədsoy
Xəbəri paylaş