Newscenter.az.30.03.2019. Ermənistanla danışıqlar prosesinin formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var. Virtualaz.org xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Vacib odur ki, danışıqların formatı dəyişməz qalıb, danışıqlar uzun illər ərzində olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır, - prezident deyib. – Danışıqlar prosesinə yeni impuls verilib. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqların formatının yalnız hər iki tərəfin razılığı ilə dəyişdirilə biləcəyi barədə 9 mart bəyanatını çox müsbət qiymətləndirdik”.
Əliyev bildirib ki, danışıqlar konstruktiv şəraitdə keçib. “Danışıqları müsbət qiymətləndiririk. Bu, uzun fasilədən sonra Azərbaycan və Ermənistan rəhbərliyinin ilk rəsmi görüşüdür, əvvəlki görüşlər daha çox tanışlıq xarakteri daşıyırdı və beynəlxalq tədbirlər çərçivəsində baş tuturdu, - o qeyd edib. – XİN başçıları bir neçə dəfə danışıqlar aparıblar. Görüş ona görə əhəmiyyətli idi ki, məsələnin mahiyyəti üzrə danışıqlar prosesinə start verilib”.