Newscenter.az.2.04.2019. Aprelin 1-dən 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyaları fəaliyyətə başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Newscenter.az-a bildirilib ki, müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərir. Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi rəhbərlik mərkəz rəhbəri tərəfindən həyata keçirilir.
Digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi dedikdə, uşağın dinlədiyini anlaması, ünsiyyət qurması və öz fikrini sadə formada ifadə etməsi nəzərdə tutulur. Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimi edə bilər. Məktəb seçimi 01.05.2019-cu il tarixdən etibarən ümumi qaydada həyata keçirilir.
Hər bir valideyn övladını yalnız bir dəfə müsahibəyə yazdıra bilər və hər bir uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə yalnız bir dəfə iştirak edə bilər.