Newscenter.az.8.04.2019. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. Newscenter.az-a Agentlikdən bildirilib ki, cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5.3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Bu hər birinin uzunluğu 1.6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, bu küçələri birləşdirən 0.4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0.7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.
Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb. Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.