Newscenter.az.8.04.2019. Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib. Newscenter.az-a Milli Olimpiya Komitəsindən bildirilib ki, iclasda İHİF-in vitse-prezidenti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.
Tədbir çərçivəsində İHİF-in prezidentliyinə namizəd şəhzadə Abdulaziz bin Turki ALFAİSAL vitse-prezident Çingiz Hüseynzadə ilə görüşüb və qurumun fəaliyyəti haqqında müzakirə aparılıb. Həmçinin, İHİF-in baş katibi Mohammed Saleh AL-GARNAS, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malboum adı çəkilən təşkilatın hesabatı ilə çıxış ediblər.
Xatırladaq ki, 8 aprel tarixində isə növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək. Assambleya çərçivəsində İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti seçiləcək. 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasındadır.