Newscenter.az.11.04.2019. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini dəstəkləyir.
Newscenter.az-ın xəbərinə görə. AmCham-ın İcraçı direktoru xanım Natəvan Məmmədova qeyd edib ki, müvafiq Fərman məhkəmə hakimiyyəti sahəsində islahatların dərinləşdirilməsi və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyənləşdirən mühüm yol xəritəsidir. Fərman, həmçinin, məhkəmələrdə qərəzsizlik və şəffaflığın daha da artırılmasını təmin edəcək.
Fərmanın iqtisadi əhəmiyyəti barədə də fikir bildirən xanım Məmmədova qeyd edib ki, Fərman Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsi və sürətləndirilməsində mühüm rol oynayacaqdır. “Sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkili, beynəlxalq arbitraj prosedurlarının təşviqi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, habelə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək və bu da sahibkarların fəaliyyətinə öz müsbət töhfəsini verəcəkdir”, - xanım Məmmədova bildirib.
Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa da münasibət bildirən Natəvan Məmmədova qeyd edib ki, müvafiq Qanunun qəbul edilməsi hüquq sistemində əhəmiyyətli islahat kimi qiymətləndirilməlidir. Xanım Məmmədova onu da əlavə edib ki, mediasiya institutu Azərbaycanda mübahisələrin alternativ üsulla həllinə şərait yaradacaq bir yenilikdir və Qanunun tətbiq edilməsi mübahisələrin həllində yeni mərhələyə təkan verəcək. “Bu institutun məhkəmələrdən əsas fərqi odur ki, mübahisələr mediatorlar vasitəsilə məhkəməyə çatmadan həll edilə biləcək. Ona görə də, bu həm şəffaflığın təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə səbəb olacaqdır”, - o bildirib.
AmCham-ın İcraçı direktoru onu da qeyd edib ki, Fərmanda əksini tapan müvafiq islahatlardan bir çoxu 2018 və daha öncəki illərdə AmCham-ın hazırladığı və Azərbaycan Respublikasının hökumətinə təqdim etdiyi Ağ Sənədlərdə öz əksini tapmışdır. “Bizim üçün olduqca sevindirici haldır ki, elektron məhkəmə sisteminin tətbiqi, ölkəmizdə ixtisaslaşmış məhkəmələrin yaradılması, beynəlxalq arbitraj prosedurlarının təşviqi, hakimlərin və məhkəmə işçilərinin maddi təminatının yaxşılaşdırılması, özəl icra qurumlarının təşkili və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının hökumətinə təqdim etdiyimiz təkliflər bu gün müvafiq normativ hüquqi akt və qanunvericilik
sənədlərində öz əksini tapır. Mən inanıram ki, bu tədbirlərin həyata keçirilməsi ölkədəki biznes mühitinə əhəmiyyətli töhfə verəcək və yeni investisiyaların təşviqinə şərait yaradacaqdır”, - xanım Məmmədova qeyd edib.
AmCham Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər bir sektorunda fəal olan 260-dan çox üzv şirkəti özündə birləşdirir. AmCham ölkədə bütün xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.