Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb

ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb


Newscenter.az.11.04.2019. Türkiyənin Ege Universitetinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olublar.

Newscenter.az-a ATU-dan bildirilib ki, Ege Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor dr. Canan Fisun Abay, Tibb Fakültəsinin dekan müavini, professor dr. Rüchan Sertöz ATU-nun kafedraları, klinikaları, eləcə də Anatomiya muzeyi ilə tanış olublar.

Professor dr. Canan Fisun Azərbaycana səfərdən məmnunluğunu bildirib: "Bakını çox bəyəndim, olduqca gözəl və müasir şəhərdir. Universitetinizi də gəzmək imkanımız oldu. Burada tibb sahəsi üzrə yüksək təhsil almaq üçün hər cür şərait var. Klinikalarınız da müasir, Avropa standartlarına uyğun avadanlıqlarla təchiz olunub".

Daha sonra ATU rektoru, professor Gəray Gəraybəyli qonaqlarla görüşüb. Rektor iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib: "Universitetimizdə çox qonaqlarımız olub, kifayət qədər ciddi və lazımi məsələlər danişılıb. Ege Universiteti ilə də gələcəkdə tələbə mübadiləsi, ikili diplomların tanınması və diğər hər iki ali təhsil ocağı üçün yararlı olacaq məsələlər müzakirə olunub, müqavilələr imzalanıb”.

Görüşdə həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın tərkib hissəsi kimi beynəlxalq ikili diplomlar məsələləri müzakirə olunub. Qeyd edilib ki, universitetlər arasında əməkdaşlıq illərdir davam edir. ATU rezidentləri Ege Universitetinin bir çox klinikalarında rotasiyalarda olub. Lakin ikitərəfli razılıq daha geniş əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlıq Azərbaycanın Təhsil Nazilriyi tərəfindən də dəstəklənir və həyata keçirilən proqram əsasında bütün xərclər dövlət tərəfindən ödəniləcək.

Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi ilə bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda ATU ilə Ege Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Görüşdə Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, ATU-nun rektor müşaviri dosent Zülfüqar Musabəyov, ATU-nun beynəlxalq işlər üzər prorektoru, dosent Orxan İsayev, Tədris hissə müdiri dosent Samir Cavadov iştirak edib.
Xəbəri paylaş