Newscenter.az.11.04.2019. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) xalq şairi Nəriman Həsənzadə ilə görüş təşkil olunub.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov tədbiri açaraq, İnstitutda maarifləndirmə işinə, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, görüşlərin, “dəyirmi masa”ların təşkil edildiyini söyləyib.
Görüşün məqsədinin gənc nəslin kitaba, ədəbiyyata marağını artırmaq olduğunu vurğulayan rektor, İnstitutda tanınmış qələm sahiblərinin, elm xadimlərinin, millət vəkillərinin gənclərlə görüşlərinin tez-tez təşkil olunduğunu qeyd edib.
Sonra Xalq Şairi N.Həsənzadə gənclərlə görüşdən hər zaman böyük məmnunluq hissi keçirdiyini nəzərə çatdırıb və belə görüşlərin təşkil olunmasına görə İnstitut rəhbərliyinə, əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Şair yaradıcılığının əsas istiqamətləri haqqında geniş məlumat verərək, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib. Gənclərin suallarını cavablandıran Nəriman Həsənzadə əsərlərini yazarkən rastlaşdığı hadisələrdən danışıb və gənclik illəri ilə bağlı maraqlı xatirələrini bölüşüb. Gənclərin xahişi ilə müxtəlif şeirlərini səsləndirib.