Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib

 Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayı keçirilib


Newscenter.az.15.04.2019. Kiyevdə yeni yaradılmış Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib. Newscenter.az-a daxil olan məlumata görə, təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Qurultayda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor təşkilatlarının birliyindən söz açaraq deyib ki, bir çox ölkələrdə bu birliyinə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya və Belçikada həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər.
O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib. Bildirib ki, Ukraynada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir, burada güclü diaspor mövcuddur.
Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradıldığını qeyd edib. O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərimizin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.

Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın digər deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.

Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatın hər birindən 5 nəfər olmaqla İdarə Heyətinə üzvlər seçilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbəri paylaş