Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı

AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayıldı


Newscenter.az.17.04.2019. Bir neçə gün əvvəl Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) adından rüşvət toplayan şəxslərlə bağlı məlumat və hadisənin video görüntüsü ictimaiyyətə təqdim olunub. Agentlikdən Newscenter.az-a bildirilib ki, aprelin 12-də Agentliyin 1003 “Qaynar xətt”inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.

Araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb. Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən edilib.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin şəxsin Agentliyin əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır.

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat verməyi xahiş edir.
Xəbəri paylaş