Newscenter.az.18.04.2019. "AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya küçədə hücum edən şəxs - Tural Qarayev polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb. Sözügedən şəxsin xuliqanlıq, zorakılıq əməli barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək. Və heç şübhəsiz ki, hüquqi qiymət verildikdən sonra qanunun tələbi nə olursa ona uyğun şəkildə də tədbir görüləcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədrinin sözlərinə görə, əgər həmin şəxsin psixi problemləri varsa xəstəxanaya göndəriləcək:
"Əks təqdirdə, adam məlum xuliqanlığa ağlı başında olan bir şəxs kimi, tam sağlam birisi olaraq şüurlu şəkildə yol veriibsə qanunun tələb etdiyi şəkildə də cəzasını alacaq. Buna heç kəsin şübhəsi olmasın. Elə Fuad bəyin özünün də şübhəsi olmasın. Mən bu hadisəni qəti şəkildə pisləyirəm. Amma bu hadisəyə siyasi don geyindirilməsinin də birmənalı olaraq əleyhinəyəm".
DADP sədri qeyd edib ki, ölkədə baş verən irili-xırdalı hər bir hadisədən siyasi maraqlar üçün istifadə etməyi doğru hesab etmir:
"Odur ki, Fuad Qəhrəmanlının sosial şəbəkədəki paylaşımlarında bu hadisəni siyasiləşdirmək cəhdlərini və Birinci vitse-prezident Mehriban Əliyevanın adını hallandırmasını da düzgün saymıram. Fuad bəy, övladınızı vuran qoçu çox şey danışa və məsuliyyətsiz fikirlər səsləndirə bilər. Amma siz siyasi təcrübəsi olan bir şəxssiniz axı. Odur ki, isti başla, emosional ovqatla hökm verməyə tələsməyin. Məsələyə məhkəmə tərəfindən hüquqi qiymətin verilməsini gözləyin".