Newscenter.az.19.04.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) IV kurs tələbələri aprelin 15-dən mayın 25-dək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 6 həftə ərzində istehsalat təcrübəsi keçəcəklər.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, istehsalat təcrübəsi keçən tələbələrlə təşkil olunan görüşdə Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarından bəhs edib və dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Ali təhsil müəssisəsində tədris prosesi ilə yanaşı, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar və görüşlərdən əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq etmələrinin vacibliyini bildirb.
İnstitut rəhbəri C.Məmmədov istehsalat təcrübəsinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu nəzərə çatdırıb.
Karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.
Tələbələrə uğurlar arzulayan rektor təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov istehsalat təcrübəsinin informasiya baxımından tələbələr üçün yeni biliklər əldə edilməsində faydalı olacağını bildirib. M.Mürsəlov İnstitutda tələbələrin yiyələndikləri nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək üçün istehsalat təcrübəsinin önəmli olduğunu vurğulayıb. Təcrübə müddətində gənclərə yaradılan şərait, iş mühiti, əsas fəaliyyət imkanları haqqında məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.