Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diaspor təşkilatlarımız bir-birilərini qırır, səfirliklər isə öz inzibati binalarını kolxoz bazarına çeviriblər

Diaspor təşkilatlarımız bir-birilərini qırır, səfirliklər isə öz inzibati binalarını kolxoz bazarına çeviriblər


Newscenter.az.19.04.2019. Cəmiyyət aqressiya dalğasında boğulur. Ölkədə sanki hamı narazıdır, hamı hirsini, əsəbini, uğursuzluqlarını, düşdüyü çıxılmaz durumların bədəlini kiminsə hesabına çıxarmaq istəyir. Ölkədə və dünyada nə baş verirsə biri küy salır, o biriləri də küyə gedir. Fransada 800 illik kilsə yanır, deyirik əcəb olub, cəzalarını çəkirlər, ermənilərə verdikləri dəstəyə görə bu da bədəli. Ölkədə bir qızcığaz, məktəbli qız canına qıyır, səbəblər bir tərəfə qalıb, kim kimi gəldi günahkar çıxarır.

Yaxın Şərq dağılır, deyirik vəhşi ərəblər nə qədər çox qırılsa o qədər yaxşıdır. Sözümün canı odur ki, cəmiyyət olaraq təlatüm içindəyik, sanki özümüzü itirmişik, tapmaq belə istəmirik. Zırt olmamış ermənilər belə, ermənilər elə. Ay balam əgər Fransa erməniləri dəstəkləyirsə bunun günahkarı fransızlar deyil e, biz özümüzük. Fransa daxil bütün inkişaf etmiş ölkələr gördüklərinə və eşitdiklərinə inanırlar. 100 ildir ermənilər Qafqaz mədəniyyətini Avropaya daşıyırlar, elə-belə daşımırlar e, yüksək səviyyədə təqdim edirlər. Rəsmi hissədə fransızca, almanca, ingiliscə, rusca, ispanca danışırlar, yüzlərlə kitab, buklet, braşur paylaşırlar, film təqdimatları edirlər. Bədii hissəni isə cürbəcür konyaklarla, şərablarla, yuxa, dolma, aşla yola verirlər.

Avropada bizim ən əhəmiyyətsiz hesab etdiyimiz tədbirə belə azı 20-30 erməni QHT-si, bir o qədər də erməni KİV nümayəndəsi qatılır, bütün panellərdə çıxış imkanı qazanırlar. Və beləliklə adamlar ortaya iş qoyurlar. Bəli, yeri gələndə etiraf etməyi də bacarmalıyıq. Adamlar 200 il əvvəl başladıqları işlərin bəhrəsini görürlər. Biz isə Bakıda oturub zırt olmamış bəyanat veririk, bütün dünyanı az qala 'neprav' çıxarmağa çalışırıq. Ermənilərlə düşmən olan bizik, fransız, ingilis, rus, ispan, portuqal, polyak, belarus, çex, macar ermənilərlə düşmən deyil. Hansı əlahəddə keyfiyyətimizə görə dünya bizə 'stavka' edib, erməniləri iqnor etməlidir? Bizə borcludurlarmı, qarşımıza öhdəlikləri varmı? Beynəlxalq və regional təşkilatlarda təmsilçiliyimiz az qala mənfiyə gedir (təbii ki, kiçik istisnalar var), diaspor təşkilatlarımız bir-birilərini qırırlar, səfirliklər öz inzibati binalarını kolxoz bazarına çeviriblər (istisnalar var), televiziyalarımız apokalipsis dövrünü yaşayır, əksər saytlar ayrı-ayrı nazirlərin, məmurların himayəsində fəaliyyət göstərirlər, bütün informasiyaları dövlətin yox, öz şəxsi mənafeləri üzərində qururlar, vəzifə təyinatları qohumluq şəcərəsi ilə kvalifikasiya olunur, az-çox potensialı olan insanlar xarici ölkələrə üz tuturlar, təhsilimiz, səhiyyəmiz ölkə genofondunu məhv edir.

Allahın bir makaronunu belə özümüz istehsal etmirik, halbuki bu günə qədər texnoloji avadanlıqlardan tutmuş hər növ ərzaq istehsal etməli idik. Bu sahədə istisna tək içki şirkətləridir. Lakin onlar da qabları xaricdən alırlar, bir çoxları Gürcüstandan idxal edir. Biz isə XXI əsrin bütün çağırışlarını rədd edib düşmüşük ermənilərin üstünə, öz həqiqətlərimizi azərbaycan dilində dünyaya çatdırmağa çalışırıq. Hər sahənin öz mütəxəssisi var, sadəcə şərait yaratmaq lazımdır ki, hər kəs öz yerində otursun. Bir adama 32 vəzifə vermək o sahələri ömürlük şikəst eləmək deməkdir.

Əziz dostlar, susmaq əslində xəyanətlərin ən təhlükəlisidir. Problemləri danışmaq, üzə çıxarmaq və onların həll yolunu düşünmək lazımdır!!!

Səbuhi Abbasov-Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sdəri

Diaspor təşkilatlarımız bir-birilərini qırır, səfirliklər isə öz inzibati binalarını kolxoz bazarına çeviriblər
Xəbəri paylaş