Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bakı Metropoliteni" QSC: əlil arabasının daşınması üçün yeni qurğu

"Bakı Metropoliteni" QSC: əlil arabasının daşınması üçün yeni qurğu


Newscenter.az.24.04.2019. Fiziki imkanları məhdud insanların, ələlxüsus da əlil arabasından istifadə edənlərin Bakı metropolitenində rahat hərəkətinin təmin edilməsi məqsədilə davamlı addımların nəticəsi olaraq, metropolitenin texniki tələblərinə uyğun daha bir qurğu alınıb.

Qurumun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, "Bakı Metropoliteni" QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin yeni qurğudan düzgün istifadə olunması ilə bağlı hazırladığı təlimatın təqdimatı keçirilib.

Təqdimat mərasimində əlil arabasından istifadə edən sərnişinlərə metropolitendə yardımçı olacaq mobil işçi qrupunun üzvləri ilə yanaşı, layihənin tətbiqi prosesinin əvvəlindən metropolitençilərlə birgə sınaqlarda iştirak edən Cəmilə Məmmədova, həmçinin ictimai fəal Orxan Adıgözəl də iştirak ediblər.

Avtomatik rejimdə çalışan "T09 Roby" tırtıllı qurğu İtaliyada istehsal olunub. O, sabit sürətlə hərəkət edir və texniki təchizatına görə tam təhlükəsizdir. Qurğunun əsas üstünlüklərindən biri də pilləkənlər və eskalatorlar üzərində hərəkət zamanı tırtıllı hissənin əlil arabasının hərəkətinin tələblərinə tam uyğun olmasıdır. Bu zaman məhz tırtıllı hissə hərəkət sahəsinə uyğun bucaq altında tənzimlənir. Bu da sərnişinə özünü rahat və təhlükəsiz hiss etməsinə imkan verir.

Təqdimat zamanı qurğudan istifadə qaydaları ilə bağlı mobil işçi qrupuna müvafiq izahatlar verilib, buna qədər tətbiq edilən qurğulardan fərqi və üstünlükləri ətrafında müzakirələr aparılıb. Cəmilə Məmmədova və Orxan Adıgözəl tövsiyələrini bildirib, təkliflərini söyləyib, maraqlandıqları suallara cavab alıblar.
Xəbəri paylaş