Newscenter.az.24.04.2019. Birləşmiş Ştatların son aylarda xarici siyasət sahəsində atmış olduğu qeyri-müəyyən addımlar Vaşinqtonun hədəfində olan ölkələrdə maraqla və diqqətlə qarşılanmaqdadır. Okeanın o tayında verilən açıqlama və bəyanatların bir qədər sonra öz təsdiqini tapmaması müəyyən fikir ayrılıqlarına gətirib çıxarır. Xüsusilə, Türkiyə və İranla bağlı məsələdə Birləşmiş Ştatların qeyri-müəyyən siyasəti açıq şəkildə sezilir. Əgər bir neçə gün əvvəl Vaşinqtonun Ankara ilə münasibətləri normallaşdırmağa meyilli göründüyü bildirilirdisə, indi situasiya dəyişib. İki dövlət arasında münasibətlərdə yenidən gərgin atmosfer hiss edilir. Elə əksər ekspertlər də bu qənaətdədirlər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyə və Birləşmiş Ştatlar arasında ziddiyətlər durmadan artır. Onun sözlərinə görə, Ankaranın Moskva ilə S-400 anlaşması, Akkyu Atom Elektrik Stansiyasının Rusiya tərəfindən inşası, Türk axını qaz kəmərinin çəkilişi Vaşinqtonun Ankaraya qarşı təzyiqlərinə yol açır:
“Bundan əlavə, İranla iqtisadi və enerji əlaqələrini sanksiyalara rəğmən davam etdirilməsi iki ölkə arasında yeni krizə səbəb olacaq. Birləşmiş Ştatlar artıq, Türkiyəni müttəfiq bir ölkə kimi görmür. Bu gün PKK və YPG-nin ağır silahlarla silahlandırılması da baş verən problemlər fonunda reallaşır. Göründüyü kimi iki NATO müttəfiq dövləti arasında problem Türkiyəni Rusiya, Çin və İran oxuna yaxınlaşdırır. Bu gedişlə prezident Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədlə barışa bilər. Artıq, İran xarici işlər naziri Cavad Zərif Əsədlə barışıq qovluğunu Ankarada müzakirə edib. Bu gün Moskva və Ankara yaxınlığı Suriyada təhlükəsizliyə xidmət etsə də, ABŞ tərəfindən YPG/ PKK-yə verilən dəstək Türkiyəni təhdid edir. Artıq, Türkiyə hakimiyyəti ciddi problemlərlə üz-üzədir”.
Birləşmiş Ştatların İranla münasibətlərinə də toxunan politoloq qeyd edib ki, ABŞ-ın ötən ilin noyabrından İranın neft satışına tətbiq etdiyi sanksiyaların ikinci dalğasının tətbiqiq hərbi müstəviyə keçə bilər:
“Amerika səkkiz dövlətə 180 gün ərzində İrandan neft idxalını dayandırılması barədə möhlət vermişdi. Artıq bu müddət başa çatdığından Vaşinqton hərəkətə keçib. İrandan neft alan ölkələr bu qərarı tanınmayacaqsa, sanksiya və cərimələrin tətbiq ediləcəyi qeyd bildirilir. Qeyd edim ki, bu, Birləşmiş Ştatların İrana iqtisadi müharibəsidi. İran elan olunan iqtisadi müharibəyə silahla cavab verərsə, regionda dağıdıcı müharibə qaçılmaz olacaq. Hazırda Türkiyə, Rusiya, Çin, Hindistan və digər üç ölkə İran neftinin alıclıarı siyahısındadır. ABŞ-ın bu qərarına Çin, Rusiya və Türkiyənin qoşulmayacağı gözlənilir”.
Məhəmməd Əsadullazadə bildirib ki, Vaşinqton bu sanksiya ilə İranın əsas "şah damarına" zərbə vurmaqla Tehran rejiminin regionda hərbi-siyasi fəaliyyətinin qarşısını almağı hədəfləyir:
“Qeyd edim ki, 2015-ci ilin may ayında İranla "Altılıq ölkələri" arasında bağlanan "Nüvə sazişi"-dən sonra sanksiyaların ortadan qalxması İrana milyardlarla dollar vəsait axınına səbəb oldu. Rəsmi Tehran bu pullar vasitəsi ilə Suriyada Əsəd rejiminə hərb-siyasi və maliyyə dəstəyi verməklə regionda mövqeyini gücləndirdi. Bu da ABŞ və İsrailin köklü maraqlarına təhdid sayıldı. İsraildə Benyamin Netanyahunun qələbəsi İran ətrafında ziddiyyətli siyasətin aparılmasını inkişaf etdirməkdədir. Ağ Ev rəhbəri Donald Trampın məlum nüvə sazişindən çıxması və ardınca İrana sanksiya paketlərinin bərpa olunması, neft satışını minimuma endirmək sanksiyası proseslərin kluminasiyasıdır. Rusiya, Türkiyə və Çinin özəl neft şirkətləri sanksiyalardan yayınmaq üçün İrandan neft alışını kəskin azalda bilər. Bu da ciddi şəkildə iqtisadi defolt deməkdir. İranın əsas maliyyə qaynağının kəsilməsi maliyyə resurslarını zəiflədəcək, rejim daxilində parçalanmaya yol açacaq. Bundan əlavə, teokratik Tehran sisteminin Suriyada Əsəd rejiminə maliyyə və hərbi dəstəyi azalacaq, həmçinin Yəməndə Husi qiyamçılarına lojistikanı kifayət qədər kəsməyə məcbur olacaq. Məhz ABŞ-ın da əsas planı bundan ibarətdir. Tehran region münaqişələrdə əsas tərəf olmasın, öz sərhədləri daxilinə çəkilsin. Tehran bəyan edir ki, bu sanksiyalar fonunda Hörmüz boğazını bağlayaraq neft daşımalarına imkan verməyəcək. Tehrana qarşı adekavat cavab körfəzdə dağıdıcı müharibəyə səbəb olar. ABŞ-İsrail və Ərəb ölkələri İranı bir dövlət kimi Suriyanın düşdüyü duruma sala bilər. İranın bu dağıdıcı müharibədən Rusiya və Çinin təkidi ilə çəkinməsi mümkündür. Hətta Vaşinqtonla çalışacaq gizli danışıqlara getsin. Qeyd edim ki, Rusiya Xəzər dənizi vasitəsi ilə İran neftini ucuz alıb, dünya baxarına çıxaracaq. Bu satış da İran üçün əlverişli deyil. İrana qarşı iqtisadi-hərbi təzyiqlər Azərbaycana bir o qədər təsir etməsə də, müəyyən problemlərə yol aça bilər”.