Newscenter.az.25.04.2019. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və bu ölkədə keçirdiyi çoxsaylı mühüm görüşlər Pekinlə Bakı arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoymasından xəbər verir. Elə dövlət başçısının Çin rəsmiləri ilə keçirdiyi görüşlərdə də Pekin tərəfindən bu məqam xüsusi qeyd edildi.
Müstəqil ekspert Kamran Sultanlı Çinlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə nəzər salaraq Pekinin yerləşdiyi regiona və beynəlxalq aləmdəki yeri və rolu, malik olduğu nüfuza da diqqət çəkib. Ekspert bütün bunları nəzərə alaraq Azərbaycanın bu ölkə ilə əlaqələrinin inkişaf etdirilməsini təqdir edib. O, bildirib ki, 2019-cu ilin martın 12-də,Avropa Birliyi ilə Çin arasında gələcəyə baxış adlı sənəd qəbul edilib:
“Çin və Avropa Birliyi arasında əlaqələrin genişlənməsi, Avrasiya kontinentində geosiyasi və geoiqtisadi proseslərin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Çin və AB dünyanın əsas iqtisadi nəhəngləridir. AB və Çin arasında ticarət dövriyyəsi 600 mld dollara yaxındır..Avropa Birliyi ABŞ-dan sonra Çinin ən böyük ticarət tərafdaşıdır..Avropa Birliyi Çinlə əlaqələrə maraqlıdır. Çin də öz növbəsində, Avropa bazarında genişlənməyə böyük maraq göstərir. Çin iqtisadi cəhətdən öz rolunu və təsirini artırır. Artıq Sakit Okean hövzəsində ABŞ-ın qlobal hegemonluğuna qarşı, Çin böyük təhdid olmağa başlayır. Çinin ən böyük problemi onun sistemidir. AB Çinin iqtisadi və siyasi sisteminin liberalaşmasına maraqlıdır. Bəllidir ki, Qərb investorları üçün sistemin liberallığı xüsusi əhəmiyyət daşıyır. AB Çinin ticarət tərafdaşı kimi ABŞ-ı əvəz etməyə çalışır. Həmçinin artıq AB müstəqil olaraq ABŞ-ın təsirindən çıxmağa cəhd edir. Hazırda Çin investorları Afrika, Qərbi Balkanlar, Mərkəzi Asiya regionunda sürətlə öz təsirlərini artırırlar. Doğrudur, Çinin təbii artımı bu il azalıb, təxminən 6% civarında təşkil edib, lakin Pekin öz iqtisadi təsirini artırmaq uğrunda mübarizəsini davam etdirir”.
Ekspert deyib ki. AB və Çin arasında əlaqələrin genişlənməsi,bu regionda böyük dəyişikliklərə gətirib çıxara bilər:
“AB və Çin davamlı,qlobal 2030 baxış strategiyasını müəyyən etməyə başlayıblar. Bu baxış strategiyasında regionun gələcəyi AB və Çin arasında inkişaf perspektivləri, ticari dövriyyənin genişləndirilməsi, konfrantasiyaların həll edilməsi əsas müzakirə mövzusudur. Avropa Çin investisiyalarının cəlb olunmasına qarşı deyil. Lakin təbii ki, qoca qitə Çinin iqtisadi təsirinə düşməsinə maraqlı deyil. Çin dünya siyasətində iqtisadiyyat kartı ilə ekspansiya edir və zəif dövlətlərin iqtisadi konyukturasını ələ keçirərək onların gələcək taleyində və geosiyasi rəqabətdə söz sahibi olmağa çalışır”. Kamran Sultanlı onu da qeyd edib ki, Çin üçün Avropa və ABŞ bazarı böyük əhəmiyyətə malikdir: “AB Çin investisiyalarını cəlb etmək, Çinlə ticarət əlaqələrini genişləndirmək və böyük regionda müstəqil oyunçu olmağa maraq edir. Xüsusilə bu maraqlar davamlı və uzunmüddətlidir. Çin və AB-ı birləşdirən digər mühüm amil iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı fikir bərabərliyidir. ABŞ-da hazırda, Tramp kimi iqlim dəyişiklikləri ilə bağlı mübarizəyə əlavə xərc kimi baxan və qarşı çıxan antiqlobalist olduğunu nəzərə alsaq, Avropanın bu baxımdan Çinlə fikirləri üst-üstə düşür. Çin iqlim dəyişikliləri ilə bağlı,Paris anlaşmasında xüsusi vasitəçi və qlobal tərafdaşdır. Çinin bununla bağlı böyük investisiya və yatırımları var. Bu aspekt Çin və AB-ı bir-birinə yaxınlaşdırır. Çin və AB 2030 baxış strategiyasında iqlim məsələləri xüsusi olaraq qeyd edilib. Lakin bu qlobal kompaniyaya böyük antiqlobalist şəbəkə qarşı çıxır. Fransada sarı jiletlilər hərakatı məhz bu spektdə başlamışdı. Çin bu gün dünyada sürətlə elektromobil şəbəkəsinin yaradılmasında və ekoloji cəhətdən çirkli avtomobillərin,elektromobillərlə əvəz edilməsi üçün böyük maliyyə xərcləyir. Çin bu baxımdan dünya dövlətlərini açıq şəkildə qabaqlayır.Avropada bu istiqamətdə ciddi fəaliyyət göstərir. Norveç artıq, bu istiqamətdə dünya dövlətlərinin bir-çoxunu qabaqlayır və Çinlə rəqabət apara biləcək gücdədir. AB-da gələcəkdə,ekoloji cəhətdən təmiz hibrid yanacaqla,hidrogenlə işləyəcək avtomobillər üzərində işləyir”
Ekspert deyir ki, Avropa Birliyi ilə Çinin gələcək regional təhlükəsizlik istiqamətində geniş spektrdə əməkdaşlıq planları sənəddə qeyd edilir: “Burada Əfqanıstan, Ədən Körfəzi, Yaxın Şərq və Afrika istiqamətində əməkdaşlıq və tərafdaşlıq xüsusi yer tutur. Lakin AB-ın bir-çox dövlətləri Çinin Mərkəzi Asiya regionunda qlobal güc olmağına maraqlı deyil. Məhşur amerikalı Harold Makkinder bu regionu dünyanın ürəyi (Heartland) adlandırmışdı. “Bu regiona sahiblik edən bütün Avrasiyaya, Avrasiyaya nəzarət edən isə bütün dünyaya nəzarət edər” olaraq qeyd etmişdi. Avropa və ABŞ Hindistan, Çin və Rusiyanın regionda qlobal güclənməsinə maraqlı olmasa, bu istiqamətdə avroatlantik inteqrasiyaya uyğun davransalar da, lakin AB, geo-Avrasiya iqtisadi pələngləri olan Hindistan,Çin ilə əməkdaşlığa xüsusi maraqları var. Çin həmçinin Şimali Koreyanın denuklizasiyasında da xüsusi rol oynayacaq”.
Ekspert hesab edir ki, Çinlə AB-ın yaxınlaşmasından ən çox faydalanan İran ola bilər: “Təbii ki, bu Avropada liberal-demokratların nə qədər hakimiyyətdə olacağından aslı olacaq. Çünki Avropa liberal-demorkatları İrana xüsusi əhəmiyyət verirlər. Burada həm ideoloji (ari kultunun daşıyıcısı) və iqtisadi-siyasi olaraq İran neftini Avropaya daşımaq və ac bazarda böyük istehlak bazarını ələ keçirmək kimi məqsədlər var. Münasibətlərin inkişafı Amerikada da kimlərin hakimiyyətdə olmasında xüsusi rol oynayacaq”.
Kamran Sultanlı deyib ki, Çinin Avropa ilə əlaqələrində “Bir Kəmər Bir Yol” lahiyəsinin xüsusi əhəmiyyəti var:
“Pekin bu lahiyəni həyata keçirməyə israrlıdır. Həmçinin Çin, bu lahiyə istiqamətində Hindistan-İran-Rusiyanı bir-birinə bağlamağa maraqlıdır. Çin şimal magistralının rolunun azaldılması və ipək yolunun rolunun artırılmasına çalışır. İpək-yolu lahiyəsi və Çin-AB arasında anlaşma, Azərbaycanın gələcək əhəmiyyətini artıran amildir. Çünki Bakı, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizində xüsusi komunikasiya rolunu oynayır. Azərbaycan da öz növbəsində bu qlobal nəqliyyat dəhlizi vasitəsilə həm tranzit rolunu artırmağa, həm də Çin və Avropa ilə bu lahiyə vasitəsilə maksimum yaxınlaşmağı və faydalanmağı hədəfləyir. Bu günlərdə prezident İlham Əliyev Çində işgüzar səfərdə oldu. Aprelin 26-sı isə Çində İpək Yolu ilə bağlı qlobal konfrans keçiriləcək.İlham Əliyev Çinin xüsusi rolunu və Azərbaycanın gələcək iqtisadi əlaqələri üçün xüsusi olacağını vurğuladı.Təbii ki,Bakı Pekinin artan qlobal iqtisadi gücündən agahdı. Həmçinin Bakı iki qlobal iqtisadi nəhəng olan AB və Çin arasında strateji regionda strateji bağlayıcı mövqeyə malikdir və bundan faydalanmaq Azərbaycanın gələcək müstəqilliyi üçün xüsusi əhəmiyyət daşıyacaq. Çin,BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və artan qlobal güclərdən biridir. Çin BMT-də Azərbaycanı dəstəkləyən yeganə daimi üzvdür. Rəsmi Bakı da, öz növbəsində vahid Çin dövlətini dəstəkləyir və Tayvanı qəbul etmir. Bütün bunları nəzərə aldıqda, Çinlə əlaqələr Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Çinə verəcəyi imkanları da genişdir. Buna görə Çin xalq Respublikasının sədri Tsi Szinpin Azərbaycanın Çin üçün xüsusi dövlət olduğunu açıqladı”.
Kamran Sultanlı bildirib ki, İpək yolu lahiyəsi Çin üçün iki regionu xüsusi əhəmiyyətli edir: “Bunlar Cənubi Qafqaz və Qərbi Balkanlardır. Qərbi Balkanlar regionunda Çin aktivləşməyə çalışır.Çin bu regiona böyük investisiyalar yatırır. 2016-cı ildə Çin Egey dənizi sahillərində Pirey limanını alıb. Bolqarıstana investisiyaları artırır. AB-da bu baxımdan regionun tezliklə avroatlantik məkana daxil etməyə çalışır. Şimali Makedoniyanın, AB-a üzvlüyündən sonra, əsas növbə Bosniyaya çatacaq. Bosniyadan sonra Adriatik dənizi başda olmaqla, AB bu regionu öz çətirinə almaqla gələcəkdə, bu regionda söz sahibi olacaq. Təbii ki, AB Çinin investisiyalarının cəlb olunmasına, regionun inkişaf etməsini istəyir, lakin Çinin bu regionda dominant olmasını istəmir. Bu regionu 2025-ci ilə qədər vektoruna daxil etməklə, Rusiyanın da Balkanlar vasitəsilə,Avropaya gedəcək enerji kəmərlərini, AB nəzarətə almağa və gələcəkdə söz sahibi olmağa çalışır. Çin İranın Cənubi Qafqazla yola getməsinə, əlaqələrin sabit qalmasına çalışır. Pekin, bu region vasitəsilə böyük logistik daşımaları təmin edəcək. Təbii ki, bu Azərbaycanın mövqeyini artıracaq. İran da öz növbəsində, Hindistandan gələn böyük ticarət yolunun İran vasitəsilə daşınmasının məqsədindədir. Həmçinin İran sanksiyalar dövründə Çindən faydalanmağa çalışır. Çinin,AB-la sənədində digər mühüm region Afrikadır. Çin ABŞ, Rusiya, Türkiyə və AB bu region uğrunda aktiv mübarizə aparırlar. AB Afrikada sabitliyin olmasına maraqlıdır. Çünki bu AB-ın Cənub sərhədlərinin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Çin isə, bu istiqamətdə Afrikanın resurslarından yararlanmağa və iqtisadi konyukturada daha çox imkanlara malik olmağa çalışır. Çin və AB arasında anlaşma regionun gələcəyi və geosiyasi və geoiqtisadi münasibətlərdə böyük dəyişikliklərə səbəb olacaq”.