Newscenter.az.26.04.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Newscenter.az-a AQTA-dan bildirilib ki, növbəti görüşlər Bakı şəhəri Yasamal rayonu 158 nömrəli orta məktəb və Şəmkir şəhəri N.Gəncəvi adına tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.
Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, quduzluq və ondan qorunma yolları, qablaşdırma məhsullarının qidaya təsiri, qida zəhərlənmələri zamanı profilaktik tədbirlər, fast food-un zərərləri barədə ətraflı məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.