Newscenter.az.1.05.2019. Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerjisistemin çökməsi, Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kV-luq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb.
Newscenter.az-a “Azərenerji”-dən bildirilib ki, nəticədə, 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.
Hazırda Cənub Elektrik Stansiyasında su durulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 Kv-luq qapalı paylayıcı qurguda bərpa işlərinə başlanılacaq.
Eyni zamanda hazırda “Cənub” elektrik stansiyasına Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sitemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək.
Paralel olaraq hazırda “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 108 km məsafədə 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkilir və işlər yekunlaşmaq üzrədir.
Qeyd edək ki, “Azərenerji” ASC-nin ötən ilin payızından sonra “Reabilitasiya Proqramı” çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işlər nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-ya qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub.