Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Qurbanlı İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ilə görüşüb

Mübariz Qurbanlı İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ilə görüşüb


Newscenter.az.1.05.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 1-də İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi ilə görüşüb. Newscenter.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı dinlərarası harmoniya və qarşılıqlı anlaşma şəraiti, həmçinin dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi sahəsində həyata keçirdiyi siyasət haqqında məlumat verib.

Bildirib ki, ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir - birinin dini inancına və mənəvi dəyərlərinə dərin hörmət dayanır. Dövlətin konfessiyalara münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin dəstəklənməsi, onların ictimai həyatın bir parçası kimi cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsində aydın şəkildə müşahidə etmək olar. Azərbaycanda 925 dini icmanın qeydiyyatdan keçdiyini qeyd edən Komitə sədri onlardan 33-nün qeyri-İslam təmayüllü olduğunu söyləyib.

Mübariz Qurbanlı diqqətə çatdırıb ki, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Respublikamıza səfər etməsindən məmnunluğunu ifadə edən İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi irqçi təmayüllərin, ksenofobiya və islamofobiyanın gücləndiyi bir dövrdə Azərbaycanın sərgilədiyi tolerantlıq modelini təqdir etdiyini qeyd edib. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizə səfər etdiyini bildirən qonaq mədəniyyətlər və dinlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilən Azərbaycanın bu prosesin hərəkətverici qüvvəsinə çevrildiyini deyib.

Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.
Xəbəri paylaş