Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası hesabat verdi

Azərbaycan Qəsəbə Bələdiyyələrinin  Milli Assosiasiyası hesabat verdi


Newscenter.az.2.05.2019. 2 may 2019-cu il tarixdə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvləri Kamran Bayramov və Cavid Osmanov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, respublika üzrə qəsəbə bələdiyyə sədrləri iştirak edib.

Tədbiri açıq elan edən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov məruzə ilə çıxış edib. Bildirilib ki, ölkədə dövlət idarəçiliyinin daim təkmilləşdirilməsi, demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurla aparılan siyasət nəticə etibarı ilə vətəndaş cəmiyyətinin, eləcə də yerli özünüidarəetmə orqanlarının inkişafına müsbət təsirini göstərməkdədir. Bu baxımdan ölkə bələdiyyələri yaradılan əlverişli mühitdən yararlanaraq üzərilərinə düşən vəzifələri daha məsuliyyətlə icra edərək fəaliyyətlərini davam etdirirlər.Hümbət Hüseynov qeyd edib ki, hesabat dövrü ərzində “Yerli Demokratiya Həftəsi” və müxtəlif sosiallayihələr çərçivəsində bələdiyyələr tərəfindən bir sıra işlər görülüb. Eyni zamanda, keçiriləcək tədbirlər və sakinlərlə görüşlər barədə əvvəlcədən müxtəlif internet resurslarında elanların yerləşdirilməsi, bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif çağırışçı şüarların asılması, keçirilmiş tədbirlərin kütləviliyini xeyli artırıb. Bu da bələdiyyə - vətəndaş əlaqələrinin möhkəmlənməsinə, bələdiyyələrin idarə olunmasında, bələdiyyə aktlarının qəbulunda vətəndaş iştirakçılığının yüksəlməsinə səbəb olub. Assosasiya sədri bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, DSMF-yə olan borclar, həmçinin ixtisaslı kadrların artırılması məsələlərinə də toxunub.

Sonra Assosiasiyanın nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib və müzakirələr başlayıb. Tədbirdə çıxış edən Naxçıvan MR Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri, Babək bələdiyyəsinin sədri Cabbar Cəlilov, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, İsmayıllı rayonu lahic Bələdiyyəsinin sədri Rövşən Əliyev, Xəzər rayonu Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli, Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin sədri Musa Musayev görülən işlər barədə məlumat verərək, BAMS proqramından istifadənin bələdiyyələrinin işinin yüngülləşdirilməsinə təsirindən bəhs ediblər və bu işdə onlara hər zaman dəstək olan Assosiasiyaya təşəkkürlərini bildiriblər.

Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov bələdiyyələrin fəaliyyətində bir sıra uğurlar əldə edilməsinə baxmayaraq, bu sahədə bəzi çatışmazlıqların olduğunu bildirib.

Milli Məclisin deputatı Kamran Bayramov bələdiyyələrlə bağlı Prezident İlham Əliyev tərəfindən verilən Fərman və Sərəncamlar, həmçinin qanunvericilikdə aparılan dəyişikliklər barədə məlumat verib. Millət vəkili bildirib ki, qəbul edilən bütün bu sənədlər birbaşa bələdiyyələrin inkişafına yönəlib və onların fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edir. O vurğulayıb ki, bələdiyyələrin görülən işlərlə bağlı geniş ictimaiyyəti məlumatlandırma məsələsində problemləri vardır.

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin fəaliyyətini müsbət dəyərləndirsə də, uçot işinin düzgün aparılmaması və vergi yığımı sahəsində çətinliklərin mövcudluğunu vurğulayaraq, bələdiyyə sədrlərini bu işdə məsuliyyətli davranmağa çağırıb.

Sonra iclasın qərarı oxunub, qərar layihəsi və nəzarət-təftiş komissiyasının hesabatı qəbul edilib. Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının 2019-cu il büdcəsi təsdiqlənib. Daha sonra bir sıra təşkilati məsələlər səsə qoyularaq qəbul olunub.
Xəbəri paylaş