Newscenter.az.2.05.2019. Dövlət Aqrar Ticarət Şirkətində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndə heyəti ilə görüş keçirilib. Newscenter.az-a DATŞ-dən bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı Koreya təcrübəsinin öyrənilməsi, bu istiqamətdə təcrübə mübadiləsi proqramının ilkin hazırlıq işlərinin görülməsidir.
Qonaqlar əvvəlcə Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi "Kənddən Şəhərə" layihəsi çərçivəsində eyniadlı satış mərkəzi ilə tanış olublar. Şirkətin direktoru Leyla Məmmədova qonaqlara layihənin məqsədi və görülən işlər barədə məlumat verib.
Daha sonra KOICA-nın nümayəndəsi Dr. İn-Şik Nam tərəfindən iki qurum arasında əməkdaşlıq çərçivəsində görüləcək işlərlə bağlı təqdimat edilib.
Ardınca KOICA-nın ölkə üzrə direktoru Park Kumok və Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova hər iki qurum arasında əməkdaşlığı rəsmiləşdirən iclasın protokolunu imzalayıblar.
İmzalanmış protokolu şərh edən DATŞ direktoru Leyla Məmmədova bildirib ki, KOICA ilə əldə olunmuş razılıq nəticəsində ölkəmizdə keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində daha bir beynəlxalq təcrübə tətbiq olunacaq.
"Əldə olunmuş razılığa əsasən, qarşıdakı 3 il ərzində ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatı sistemi, ərzaq istehsalı, emalı və bölüşdülməsi, ölkəmizdə ərzaq tədarükü və təchizatı sisteminin təhlükəsiz və keyfiyyətli idarə edilməsi sahəsində Koreya təcrübəsinin öyrənilməsi nəzərdə tutulub. Bundan əlavə olaraq, ölkəmizdə elektron tədarük sisteminin təkmilləşdirilməsində Koreya təcrübəsinin öyrənilməsi və tətbiqi həyata keçiriləcək. Razılığa əsasən, bizim əməkdaşlarımız Koreyaya səfər edəcək və bu sistemin yerində necə işləməsi ilə əyani tanış olacaqlar. Hər il 10 əməkdaşımız Koreyada təlimlərdə iştirak edəcək, eyni zamanda Koreyalı mütəxəssislər bu sahədə mütəmadi olaraq məlumatlandırma və müşavirlik fəaliyyətini həyata keçirəcək."
Orxan